Tofiq Zülfüqarov: ”Ermənilərə mədəni muxtariyyət məsələsi də ortadan qalxacaq, əgər...”


Tofiq Zülfüqarov: ”Ermənilərə mədəni muxtariyyət məsələsi də ortadan qalxacaq, əgər...”

İşğalçı ölkə Dağlıq Qarabağda ikinci erməni dövləti yaratmaq üçün referendum keçirmək məsələsini gündəmə gətirir. Halbuki xalqlaırn öz “müqəddəratı”nı həll etməsi adı altında başqa dövlətin ərazisində yeni dövlət yaratmaq nümunəsi görünməyib. Məsələyə Prezident İlham Əliyev də münasibət bildirərək deyib ki, Dağlıq Qarabağda heç bir referendum olmayacaq.
Ölkə başçısı “Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var",- deyə vurğulayıb.
Beləliklə, rəsmi Bakı referendumla bağlı məsələyə birmənalı münasibətini bildirmiş olub.
Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan hakimiyyəti indiki kimi işğalçı mövqeyini davam etdirərsə, mədəni muxtariyyət məsələsi də ortadan qalxacaq:
“Azərbaycanın bu barədəki mövqeyi dinamikadadır. Cənab Prezident də bəyan etdi ki, təmas xətti dəyişib və status-kvo yoxdur. Təbii ki, təmas xətti və status-kvo birbaşa Azərbaycanın mövqeyinə təsir edir. Torpaqlar işğal altında olanda biz ermənilərə yüksək muxtariyyət təklif etmişik. Lakin ermənilər buna razı olmayıb. İndi də müharibə başlayıb və biz bir çox ərazilərimizi azad etmişik. İndiki mərhələdə isə ümumi səslənən mədəni muxtariyyət məsələsi var. Mədəni muxtariyyət təcrübəsi əsasən Rusiyadadır. Muxtariyyətin bu forması əsasən humanitar sahələri əhatə edir. Bu muxtariyyət formasının nə konkret sərhədləri, nə də ayrıca idarəetmə orqanları olur. Sadəcə, humanitar və mədəni məsələləri əhatə edib, onların inkişafına istiqamət verən qurumlar yaradılır. Mədəni muxtariyyət əsasında aşpaz dərnəkləri, bazar günü məktəbləri, musiqi dərnəkləri və başqa mədəni sahələr inkişaf etdirilir. İndi biz görürük ki, bu mədəni muxtariyyət məsələsi ümumi bir bəyanatdır. Yəni konkret təsdiqi yoxdur. Amma mən Ermənistanın hazırkı müharibə mövqeyində qaldığını istisna etmirəm. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan açıq şəkildə vətəndaşları müharibəyə çağırır. Hesab edirəm ki, Ermənistan belə davam edərsə, mədəni muxtariyyət məsələsi də gündəmdən çıxacaq”.
Ekspert Ermənistanın referendumla bağlı fikirlərinə münasibət bildirərək əlavə edib ki, ermənilər hazırda təşvişdədir və onlardan məntiqli fikir gözləmək doğru deyil:
“Qarşı tərəfə necə davranmaq haqqında orta əsrlərdən qalma təcrübə var. Təcrübəyə əsasən, birinci xəbərdarlıq edilir. Əgər qarşı tərəf xəbərdarlığı qəbul edirsə, ona azadlıq verilir. Əgər etmirsə, ona birinci atəş açılır. Bu da o deməkdir ki, müharibə zamanı razılaşmayan tərəf əsir götürüləcək. Yox, əgər bütün bunlardan sonra qarşı tərəf hücuma keçirsə, onda onu ölüm gözləyir. Bu, orta əsrlərin təcrübəsidir. İndi biz də bu şəkildə vəziyyəti təhlil etməliyik. Ermənilərin referendum tələbinə gəldikdə isə, onlar təşvişdədirlər və bu vəziyyətdə ondan hansısa məntiqli fikir gözləmək yersizdir. Ermənilər indi konkret fikirləşməlidirlər ki, nə vaxt Ermənistan ordusu bu ərazilərdən çıxsın. Sonra dinc ermənilərin xahişi ilə biz onları vətəndaşlığa qəbul edərik. Lakin hər kəsi də vətəndaşlığa qəbul etmək olmaz. Təbii ki, cinayətkarlar, terrorçular və vətəndaşlıq qanunlarına uyğun olmayanları qəbul edə bilmərik. Vətəndaşlığa qəbul edilən ermənilərlə sonra mədəni muxtariyyət məsələsini müzakirə edə bilərik. Yəni ermənilər elə mövqe sərgiləməlidirlər ki, bizi qane etsin”.
Tarix: 23-10-2020, 14:48
Xəbəri paylaş



Xəbər lenti