Bundan sonra humanitar atəşkəs üçün növbəti təşəbbüs çox güman ki, ABŞ prezidenti Donald Trampdan gələcək. Hərçənd, baş seçkiyə qarışıb.
Rusiya prezidenti Vladimir Putinin çağırışı ilə Moskvada XİN başçılarının 11 saatlıq müzakirələrdən sonra razılaşdırdığı humanitar atəşkəsə bir dəqiqə belə riayət olunmadığı kimi, Fransa prezidenti Emmanuel Makronun da analoji arzusu çin olmadı.
Anaxeber.info məlumat verir ki, Avropanın marionet liderinin “yuyulmamış qaşıq” kimi özünü ortaya atması, atəşkəs üçün dəridən-qabıqdan çıxması suya düşdü, onu “bacısı” Ermənistan da eşitmədi.
Oktyabrın 18-dən humanitar atəşkəs qüvvədə olsa da, düşmən tərəf bir saat anlaşmaya əməl etmir, ermənipərəst fransız Makronu belə saymır.
Bir aya yaxın savaş, iki atəşkəs...
Baxmayaraq ki, bizdə ictimai rəy doğurdan da atəşkəsin əleyhinədir, torpaqların tam azad edilməsinə qədər prosesin dayanmasını istəmirik.
İşğalçı qüvvələr torpaqlardan qrafiklə çıxmağa razılıq versinlər, əlbəttə, ilk növbədə Azərbaycan cəmiyyəti sülhə çağırış edəcək.
Buna qədər isə humanitar atəşkəs quru sözdən ibarət olacaq. Necə ki, Makronun “atəşkəsi” bir saat susmadı. Nəticədə cavab olaraq düşmənin Su-25 təyyarəsi məhv edildi.
Bu gedişat, düşmənin təxribatçı atəşləri və Azərbaycanın ictimai rəyinin tələbi göstərir ki, Putin və Makron sazişləri özünün işinin dalınca getdi.
İşin ironik tərəfi budur ki, heç bir nüfuzu qalmayan Makron əda ilə deyir ki, humanitar atəşkəsə necə əməl edildiyini yaxından izləyəcək.
Makronun sözlərinə görə, müharibənin tezliklə bitməsi və danışıqlar üçün mümkün olan hər şeyi edəcəyik. Amma Fransa bu prosesdə bütün hüquqi və mənəvi mandatını itirdiyini özü də dərk etməkdədir.
Çünki Azərbaycan üçün önəmli və həlledici Rusiyanın mövqeyi idi. Kreml bir aya yaxındır (oktyabrın 27-də bir ay tamam olur) davam edən müharibəyə müdaxilə etmir, Bakının əl-qolunu bağlamır.
Bu vəziyyətdə bizə bir qədər də vaxt lazım gələcək ki, Şuşa və Xankəndinə qədər məsələni kökündən həll edə bilək.
Beləliklə, ATƏT-in Minsk Qrupunda üç həmsədr ölkədən ikisinin humanitar atəşkəs çağırışları havada qalıb, ABŞ isə bu münaqişədə ən az marağı olan dövlətdir.
Ona görə ki, onun mövqeyini bu regionda NATO ölkəsi Türkiyə təmsil edir və Ankaranın buradakı fəaliyyəti ABŞ-ı qane edirsə, bizim də ürəyimizdəndir.
O baxımdan Makronun yerə düşən sözünü Ozan Arifin dediyi kimi səciyyələndirə bilərik - “Atəşkəsi münasib bir yerinə sox artıq, ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq...”
Bu gün BMT müzakirəsi necə bitəcək?
Anaxeber.info yazır ki, Azərbaycan dönüşü olmayan bir yola çıxıb və hər hansı kompromis, hakimiyyətin mövqeyində uzunmüddətli yumşalma daxildə süngü ilə qarşılana bilər.
Eyni zamanda prezidentin sərt çıxışları, “Şuşasız bu iş yarımçıq qalar” nidası deməyə əsas verir ki, rəsmi Bakı maksimalistdir, güzəşt yoxdur.
Geosiyasi şərait də əleyhimizə getmir. Nə Rusiya, nə Fransa, nə İran, nə də ABŞ bölgədəki müharibəyə qarışır. Sadəcə, bəyanatlar, açıqlamalar...
Əgər bundan o yana inkişaf etmirsə, rəsmi Bakı güclü təzyiqlərlə üzləşmirsə, Moskvada əldə edilən humanitar atəşkəsdən bu yana Hadrut qəsəbəsi, Füzuli şəhəri və xeyli sayda kəndlər azad edilibsə, Makronun da razılaşması da icra olunmayıbsa, proses dönməz istiqamət almaqdadır.
Oktyabrın 19-da BMT-də Qarabağ müzakirəsinin də praktik nəticə verəcəyini gözləməyə dəyməz. Ümumiyyətlə, Fransadan başqa müharibənin dayanmasını sidq ürəklə istəyən ikinci dövlət yoxdur.
Fransadan öncə real atəşkəsi Rusiya istəməliydi və “iki ayağını bir başmağa dirəyib” israrla tərəfləri məcbur etməliydi.
Lakin erməni XİN başçısı Zöhrab Mnastakanyanın Moskvaya təkrar gələrək Lavrovla görüşməsi, bu hadisəni sevincək yaymalarına baxmayaraq, Rusiya Ermənistanın başının altına yastıq qoymaqdadır.
Kremlin İrəvanı itirməkdə olması, Cənubi Qafqazda daha bir ölkənin onun orbitindən çıxmaq cəhdi Rusiyanı Qarabağ müharibəsinə neytral baxmağı sövq edir. Bu, şübhəsiz ki tarixi əlverişli fürsətdir.
Bizim zamanımız var, Paşinyan işğal edilmiş torpaqları itirmək naminə ölkəsini Aİ-yə tam yaxınlaşdırmaq kimi bir strateji qərarını veribsə, deməli, Qərb və ABŞ sona qədər bizə mane olmayacaq.
Paşinyan xalqı sakitləşdirə bilsə...Aİ ailəsində!
Yalnız Paşinyanın daxili auditoriyanı sakitləşdirməyi, minlərlə əsgəri itkisini cəmiyyətə, yaxınlarında həzm etdirməyi bacarması labüddür.
Bu mürəkkəb kataklizmdən çıxmağa nail olsa, qəzəbli ermənilər hakimiyyəti devirməsə, biz Qarabağı azad edəcəyik, Ermənistan müttəfiqinə xəyanət etməklə yollarını ayıracaq.
Bu gün də Gürüstanla Rusiya münasibətləri yaxşı deyil, bu gün də Kreml Tiflisi itirib, onu geri qaytara bilmir, eyni taleyi Ermənistanla yaşaya bilər.
Rusiyanın Gürcüstandan fərqli olaraq, Ermənistana daha çox təzyiq etmək rıçaqları var, 102-ci hərbi bazası bu ölkədə yerləşir.
Amma Paşinyan Qərbin aşkar dəstəyini sona qədər ala bilsə, rus məktəblərini, TV-lərini bağladığı kimi Gümrüdəki hərbi bazanı da Ermənistandan çıxara bilər.
Əslində Ermənistan Aİ ilə Serj Sərkisyanın dönəmində yaxınlaşmaq idi, amma Moskvadan asılılığı Şərq Tərəfdaşlığı sazişi imzalamağa imkan vermədi.
Prezidentin də dediyi kimi, Soros uşağı olan Paşinyan isə hakimiyyətə gələr-gəlməz rusa ara çevirdi və sazişi bağladı. İndi Qafqazdakı bu strateji dilemma savaşı bizim öz torpaqlarımızı azad etməyə şans yaradıb..
Tarix: 19-10-2020, 14:51