Dünya mediası Azərbaycan - Ermənistan savaşı haqqında nə yazır?



“The Suanday Times”: “Türkiyə ilə Azərbaycan daha da yaxınlaşıb, Bakıda isə milyarderlərlə kasıblar dostlaşıb“
Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başladığı antiterror əməliyyatı dünyanın gündəminə oturub. Beynəlxalq səviyyədə nüfuzu olan media mərkəzləri bu mövzuya dönə-dönə qayıdırlar.
Bəs baş verən proseslərə onların münasibəti necədir?
Üçüncü Dünya müharibəsi təhlükəsi.
Şərqi Avropada barıt çəlləyini andıran münaqişənin partlamasının və gedən müharibənin beynəlxalq xarakter almasının mümkünlüyü barədə Amerika prezidenti Donald Trampa xəbərdarlıq edilib. Bildirilib ki, Azərbaycan və Ermənistan arasındakı amansız qarşıdurmaya müdaxilə etmək vəziyyəti daha da pisləşdirə bilər. Böyük Britaniyanın “Daily Express” nəşri belə yazır.
Qəzet bildirir ki, Dağlıq Qarabağ beynəlxalq hüquqa görə, Azərbaycanın bir hissəsidir. Ancaq orada etnik ermənilər yaşayır. Hazırda Türkiyə Azərbaycana hərbi dəstək verir, Rusiyanın hər iki ölkə ilə yaxşı münasibəti olsa da, İrəvanda bu ölkənin hərbi bazası var.
Kent Universitetinin Rusiya və Avropa siyasəti üzrə professoru Riçard Sakva qeyd edir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd olan Con Bayden Trmap administrasiyasının bu münaqişəyə “daha çox cəlb olunmasının” gərginliyin azalmasına xidmət edə biləcəyi ilə bağlı dediklərinə münasibət bildirib. O vurğulayıb ki, Amerikanın münaqişəyə hər hansı müdaxiləsi vəziyyəti daha da pisləşdirə bilər. Ekspert qeyd edib ki, yalnız Türkiyə münaqişəyə müdaxilə edəcəyi halda, ABŞ öz sözünü deməlidir.
Britaniyanın “The Suanday Times” qəzeti isə son dərəcə incə bir məqama toxunub. İngilis dilindəki “Azerbaijan” kəlməsini “Otherbaijan” (başqa bir Azərbaycan anlamında, “other” başqa deməkdir - E.H) kimi işlədən media orqanı bildirir ki, getdikcə ermənilərin qorxusu daha da artır. Başqa bir Azərbaycanla qarşılaşıblar. Orada Türkiyə bayraqları dalğalanır. Bu müharibə Türkiyə ilə Azərbaycanı daha da yaxınlaşdırıb. Qəzet bildirir ki, liman şəhəri olan Bakıda məşhur olan “Armani” mağazası yaxınlığında 4 varlı qadın oturub qəhvə içir. Neftdən gələn para hesabına Bakı dünyanın zəngin şəhərlərindən birinə çevrilib. Dünənə kimi bu şəhərdə varlılarla kasıblar arasında isti münasibətlərdən danışmağa belə deyməzdi. Ancaq indi müharibə milyarderlərlə kasıbları bir araya gətirib.
Fransanın “France 24” nəşrinin “Reclaimed ruins” Azerbaijan shows off Karabakh conquests” (Xarabalıqların geri alınması: Azərbaycan Qarabağın fəthini nümayiş etdirir) adlı məqaləsində Cəbrayıl rayonuna bayraq asan Azərbaycan əsgərinin fotosu verilib.
"Əgər onlar özləri çıxıb getməsələr, onları iti qovan kimi qovacağıq", fransız nəşri Azərbaycan prezident İlham Əliyevin xalqa müraciəti zamanı səsləndirdiyi bu fikrə yer ayırıb.
“France 24” yazır ki, prezident Əliyev Twitter hesabında Azərbaycan Ordusunun separatçılardan azad etdiyi məkanların adlarını yazır. Həmin ərazilər 1994-cü ildən separatçıların əlində idi. Birinci Qarabağ savaşında isə 30 min insan öldürülmüşdü...
Diqqət etdinizmi? Fransa nəşri də erməniləri məhz separatçı kimi təqdim edir.
Daha sonra fransız nəşri jurnalistlərlə görüşən polkovnik Elşad Habilovun (Əbilov da ola bilər. tərcümə xətası riski var - E.H) fikirlərinə yer verir: "Düşmənimiz bilməlidir ki, Azərbaycan əsgərləri vətəni qorumaq üçün son damla qanına qədər vuruşacaq və lazım gəlsə, canlarını qurban verəcəklər. İşğal altındakı torpaqlarımızı bir-bir azad etdikcə qəti qələbəyə daha da yaxınlaşırıq".
Nüfuzlu “politico.eu” saytı isə yazır ki, Ermənistan prezidenti Armen Sarkisyan tələb edir ki, NATO Türkiyənin Qafqazdakı münaqişəyə müdaxilə etməsi ilə bağlı izahat versin. O deyir: “Brüsselə getsəm, NATO rəhbərliyi ilə bu qəribə vəziyyəti müzakirə edəcəm. NATO üzvü olan Türkiyə Qafqazdakı müharibəyə necə qarışa bilər? Bu müharibənin NATO ilə heç bir əlaqəsi yoxdur. Bir NATO üzvünün kovboy kimi sərbəst davranması və bununla bağlı NATO-nun heç bir şey etməməsini necə başa düşmək lazımdır? Bu o deməkdirmi ki, NATO Türkiyəyə yaşıl işıq yandırıb?”
 
Ermənistan prezidenti xəbərdarlıq edir ki, bu münaqişə Avropa Birliyi üçün də ciddi təhlükədir.
“The Tehran Times” qəzetində dərc olunmuş “Iran denounces Ganja attack as ‘war crime’” (İran Gəncəyə olan hücumu ‘hərbi cinayət’ kimi qınayır) adlı məqalədə İranın Bakıdakı səfirliyinin şənbə günü yaydığı bəyanatdan bəhs olunur. Bəyanatda deyilir ki, İran İslam Respublikasının Bakıdakı səfirliyi gecə yarısı Gəncə şəhərində onlarla dinc sakinin ölümü və yaralanması ilə nəticələnmiş raket hücumunu pisləyir. İranın ən nüfuzlu ingilisdilli qəzeti Gəncə şəhərində Ermənistandan atılan raket nəticəsində darmadağın olmuş yaşayış binasının fotosunu da oxuculara təqdim edib.
“Al Jazeera English” TV-si isə Gəncə şəhərinə ermənilərin son hücumunu əks etdirən kadrları yayıb. Media orqanı bildirir ki, raket hücumu nəticəsində 3 yaşlı uşaq bütün ailəsini itirib.
Suriyaya məxsus Bəşər Əsəd rejiminin müdafiəçisi olan “Al-Masdar Al-‘Arabi” saytı isə ənənəsinə sadiq qalaraq Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirlərinə geniş yer ayırıb. Baş nazir bildirib ki, Türkiyə ordusu və Pakistanın xüsusi təyinatlı qoşunları Azərbaycan tərəfindən ermənilərə qarşı vuruşur.
Səudiyyə Ərəbistanının dövlət qəzeti “The Arab News” isə bildirir ki, Pakistan tərəfi Ermənistanın bu kimi iddialarını rədd edir, ancaq bəyan edir ki, Pakistan Azərbaycanın ərzi bütövlüyü uğrunda apardığı mübarizəyə dəstək verir...
ABŞ-ın “Forbes” jurnalı isə “What Is Happening In Nagorno-Karabakh?” (Dağlıq Qarabağda nə baş verir?) adlı məqaləsində məsələnin mahiyyətinə varmaq üçün oxuculara geniş məlumat verir. Bizim üçün maraqlı ola biləcək bir məqama da toxunulur. Jurnal qeyd edir ki, ermənilərin əlində olan Dağlıq Qarabağ de-fakto müstəqil dövlət idi. BMT isə həmin ərazini Azərbaycanın bir hissəsi sayan qətnamələr qəbul edib. Həmin qətnamələrə 39 dövlət dəstək verib. 7 dövlət isə qətnamələrin əleyhinə (Angola, Ermənistan, Fransa, Hindistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Vanuatu) çıxıb. 100 dövlət bitərəf qalıb.
Elbəyi Həsənli, Sürix
Tarix: 18-10-2020, 21:22
Xəbəri paylaş



Xəbər lenti