Merkelin ikili Qarabağ siyasəti: “Kansler kənar təsir altındadır”



Sentyabrın 27-dən etibarən işğalçı Ermənistan ordusunun cəhbədə törətdiyi təxribatlara və hücuma cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri əks hücuma keçib. Azərbaycan beynəlxalq hüququn və Azərbaycan Konstitusiyasının tələbələrinə uyğun olaraq, 30 ilə yaxındır ermənilərin işğal altında saxladığı ərazilərini terrorçu və seperatçılardan təmizləyir.
30 ildir Azərbaycanın ədalətin bərpa olunmasına, Ermənistana işğal altında saxladığı Azərbaycan torpaqlarından çıxmaq barədə təzyiq göstərilməsi çağırışlarına məhələ qoymayan bir sıra ölkələr indi əl-ayağa düşüblər. Fransa ilk gündən açıq şəkildə ermənipərəst və ədalətsiz mövqeyini gizlətmədi.
Maraqlıdır ki, Azərbaycanın apardığı haqq işindən Almaniya da narahat olmağa başlayıb.
Bir sıra ekspertlər bunu bir qədər təəccsüblə qarşılayır, çünki ötənlərdə Almaniya Qarabağ məsələsində ən azı neytrallığını qorumağa çalışırdı. Ancaq indi Almaniyanın Xarici İşlər naziri Heiko Maas atəşkəsə və Azərbaycana təzyiq göstərilməsinə çağırıb! Başa düşülmür; Azərbaycanın ərazilərini işğal edən, 30 ildir əsarətdə saxlayan və növbəti dəfə atəşkəsi pozan Ermənistandır və bu, faktlarla təsdiqini tapır. Belə olduğu halda Almaniya hansı məntiqlə birtərəfli qaydada atəşkəsə çağırır və Azərbaycana təzyiqlərə səsləyir?!

Bu çox təəssüf doğurmaqla yanaşı, təəccübə də səbəb olur. Çünki Almaniya dəqiq bilir ki, Qarabağ məsələsində Azərbaycan tam haqlı tərəfdir və hər dəfə olduğu kimi, sentyabrın 27-də növbəti təxribatları törədən də məhz Ermənistandır. Bütün hallarda təzyiq Ermənistana göstərilməlidir: həm də qəti şəkildə deyilməlidir ki, atəşkəs, sülh üçün yeganə şərt Ermənistanın işğal etdikləri torpaqları azad etməsidir.

Lakin niyəsə Almaniya xarici İşlər naziri Heiko Maasın timsalında tam əksini edir, nəinki neytral mövqeyini qoruyur, açıq şəkildə Ermənistana dəstək verir.
Almaniya kimi potensiallı və Qarabağ məsləsinin ədalətli həllində neytral rol oynaya biləcək ölkənin birdən-birə bu şəkildə cılız mövqeyə keçməsi, öz potensialından istifadə etməməsi əlbəttə ki, səbəbsiz deyil.

Təhlilçilərin rəyinə görə, Almaniya Minsk Qrupunun üzvü olan ölkə kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutduğunu və işin bütün detallarını bilir. Yəni ona tam aydındır ki, bütün problemin kökü Ermənistanın işalçılığıdır. Regionda sülh olması üçün ötən 27 ildə heç bir addım atmayan Almaniya indi – Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə başlayanda niyə narahat olur? Narahat olması bir yana, tam ədalətsiz mövqe sərgiləyir, hansı ki, əvvəllər neytral görünürdü. Əgər BMT bu qətnamələri çıxarıbsa, Almaniya onun icrasına kömək etməyə çalışmalıdır, beynəlxalq normalar belə tələb edir. Ancaq Almaniya bu isrtiqamətdə heç nə etmədi, ancaq Azərbaycan özü suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əməliyyatlar aparanda, üstünlük əldə edəndə atəşkəsə və dövlətimizə təzyiqlər göstərməyə səsləyir.
Təhlilçilər hesab edir ki, Azərbaycanla daim normal münasibətlər saxlamağa çalışan Almaniyanın birdən-birə bu cür mövqe sərgiləməsi sadəcə riyakarlıq və ya sözügedən ölkənin Ermənistana havadarlığı, sevgisi kimi qavranılmır. Bu prosesin arxasında daha böyük və daha heyrətamiz məqamların dayandığına dair versiyalar, iddialar səslənir.

İddialardan biri odur ki, bu, bütövlükdə Almaniya dövlətinin mövqeyi deyil, kansler Angela Merkel özünün şəxsi maraqları naminə hökumətdə ona yaxınlığı ilə seçilən Heiko Maasa bu açıqlamanı verməsi üçün təzyiq göstərib. Məsələ ondadır ki, Merkelin özünün də bu davranışı Rusiyanın təzyiqi ilə sərgilədiyi bildirilir. Ekspertlərin iddiasına görə, Merkelə Rusiya dairələri gələn ilki növbəti parlament seçkilərində təxribatlar törədilə biləcəyini, seçkilərə müdaxilə olunacağı haqda mesajlar veriblər. Bunun olmaması üçün isə Ermənistana müəyyən dəstək vermək tələb olunub. Nəzərə çatdıraq ki, Amerikada 2016-cı ildə keçirilən prezident seçkilərinə Rusiyanın müdaxilə etməsi iddiası bu gün də yurudik şəkildə dartışılır. Bu cür xofu Merkelə də yaşadaraq, onun xarici işlər nazirinə məlum bəyanatı verdirdiyi güman edilir. Nəticəvi olaraq iddianın məğzi budur ki, Merkel Rusiyanın təsiri altındadır və burada onun özünün şəxsi maraqları var. 
Burada bir incə məqam ondan ibarətdir ki, Rusiya hazırda Qarabağda gedən əməliyyatlara qarışmasa da, dolayısı yolla çıxılmaz duruma düşən Ermənistana müəyyən köməklər etmək üçün dolayı variantlara əl ata bilər. Almaniyaya təsir də bu variantlardan biri kimi görünür...
İkinci iddia da onun kənar təsir altında olmasıdır, ancaq fərq ondadır ki, bir sıra təhlilçilər Merkelin Putinin və ya Rusiyadakı müəyyən dairələrin yox, Corc Sorosun təsiri altında olduğunu vurğulayırlar.
Bunu isə belə əsaslandırırlar ki, Paşinyan birbaşa Sorosun kadrıdır, hazırda onun hökumətində təmsil olunanların da bir çoxu Soros Fondundan qidalananlardır. Hazırda Ermənistanda yaranmış vəziyyət Paşinyanın istefaya getməsi təhlükəsini də yaradıb, Soros isə bunun qarşısını almaq üçün bütün imkanlarını səfərbər edib. O cümlədən Sorosun diqtəsi ilə Merkelin də Paşinyanı qorumaq prosesinə cəlb edildiyi bildirilir. Soros da onu iqtidardan salmaq təhdidi ilə buna razı sala bilər...
Bütün hallarda Almaniya kimi potensiallı bir ölkənin kanslerinin öz şəxsi maraqları üçün kənar güclərin təsiri, diqtəsi ilə belə addımlar atması Almaniyanın bir dövlət kimi imicini tamamilə zədələyir. Hər halda, Almaniyanın xüsusi xidmət dairələri bu versiyaları araşdırmalıdır.
Elşad MƏMMƏDLİ
"Yeni Müsavat"
Tarix: 8-10-2020, 16:25
Xəbəri paylaş



Xəbər lenti