Artıq dəfələrlə yazmışıq ki, əksər irili-xırdalı dünya ölkələri üçün sülhə və atəşkəsə çağırış adi diplomatik ritorikadır, boş formalizmdir, çünki bir qayda olaraq, bütün diplomatlar belə edirlər, axı onlar açıq bir şəkildə müharibəyə və ya zorakılığa çağıra bilməzlər.Amma elə ölkələr də var ki, onlar özlərini gah Ermənistanın “böyük qardaşı”, gah da “böyük bacısı” adlandırırlar - bax, onların bəyanat və çıxışlarını cavabsız qoymamalı, lazımi sübut və dəlillər təqdim etməli, irəlicədən onları neytrallaşdırmaq lazımdır ki, bu ölkələr Azərbaycanla Ermənistan arasındakı müharibəni kollektiv və yaxud da regional bir müharibəyə transformasiya etməsinlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti artıq bir neçə dəfə məhz bu ölkələrə yönəlik müvafiq bəyanatlarla çıxış edib. Bizim prezidentin tələbləri kifayət qədər lakonik və konstruktivdir. Bu tələblərdən belə məlum olur ki, əslində atəşkəsə nail olmağın, hətta müharibənin belə dayandırılmasının resepti çox sadədir: Ermənistan razılaşdırılmış qrafik üzrə qoşunlarını Azərbaycanın işğal olunmuş rayonlarından çıxarmalıdır və buradan daha bir nəticə əldə etmək olar ki, prezident İlham Əliyev iki ölkə arasında otuz ildən artıq davam edən münaqişənin həlli üçün “yol xəritəsi” tələb edir.
Amma Azərbaycan Prezidentinin çağırışları üzərində düşünməkdənsə, dialoq və kompromis üçün yol axtarmaqdansa, Ermənistan rəhbərliyi, yəni Nikol Paşinyan öz hərbçilərini Azərbaycanın Dağlıq Qarabağdan uzaq, sıx əhali yaşayan rayon və şəhərlərini atəşə tutmağa məcbur edir.
N.Paşinyanın “plan”ları əslində hamıya aydındır. Birincisi, o, doxsanıncı illərin ssenarilərini işə salmağa cəhd edir.O, vaxt Dağlıq Qarabağ hərbi-siyasi teatrındakı gərginliklər paytaxt Bakıda anarxiyaya və hakimiyyətsizliyə səbəb olur, nəticədə ermənilər elə bir əziyyət çəkmədən ərazilərimiz tuturdular.
İkincisi, Dağlıq, hətta aran Qarabağdan uzaq və əhalinin sıx məskunlaşdığı ərazilərə atəş açdırmaqla Paşinyan və komandası Bakını cavab reaksiyasına təhrik etmək və hazırkı müharibəni regional, geopolitik və hətta dini bir müharibəyə çevirmək istəyirlər.
İmkan daxilində düşmənin belə təxribatlarına ehtiyatla yanaşmalıyıq. Bəzi politoloqların çıxışlarına rəğmən, guya ki, Azərbaycan-Ermənistan müharibəsinin hansısa “geosiyasi nəticələri” olacaq, biz bildirməliyik ki, Azərbaycan heç bir geopolitik müharibə aparmır, hansısa bir “geosiyasi çoxbucaqlılar” qurmur, hansısa hərbi-siyasi blokların və ya alyansların maraqlarını təmin edən müharibə aparmır.
Hətta qardaş ölkə Türkiyənin bu müharibədə iştirakına aid “xəbər”lər erməni yalanından savayı bir şey deyil və bir daha deyirik ki, belə yalanları dövriyyəyə buraxmaqla İrəvan əslində KTMT-nı və ya “böyük bacı”ları Fransanı və yaxud da “qədim müttəfiq”ləri Yunanıstanı bu müharibəyə cəlb etmək istəyir.
Xatırladaq ki, sonuncu - Yunanıstan artıq müharibədə iştirak etmək arzusunu izhar edib. Bu ölkə hələ 90-cı illərin əvvəllərindən Ermənistanın iştirakı ilə ən müxtəlif geosiyasi koalisiyalar-çoxbucaqlılar qururdu və indi də Cənubi Qafqazda da Türkiyəyə qarşı cəbhə açmaq üçün yanıb tökülür, sanki Aralıq dənizi ətrafında yaratdığı anti -Türkiyə alyansı da ona azlıq edir.Moskvada və Brüsseldə bilməlidirlər ki, Azərbaycan özünün hərbi-siyasi statusuna sadiqdir və gələcəkdə də Qoşulmayanlar Hərəkatında qalacaq. Eləcə də Kreml strateqləri narahat olmamalıdırlar. Bakı daim onların regional və geopolitik maraqlarını nəzərə alıb, gələcəkdə də belə olacaq.
Bundan başqa, Ermənistandan fərqli olaraq Azərbaycan özünün ərazisində etnik təmizləmə aparmağı düşünmür - onun qanunlarını qəbul edən hər bir erməni Azərbaycan ərazisində yaşamaqda davam edə bilər...
Əlbəttə, Bakı bu vaxta qədər ki, Minsk danışıqlarının da üstündən xətt çəkmək fikrində deyildir. Amma yeni reallıqlar yaranıb və onlar Dağlıq Qarabağ hərbi -siyasi teatrında nəzərə alınmalıdır.Yaxşı yadımıza gəlir, hələ uzaq 1994-cü ildə, atəşkəs haqda ilk razılıq əldə olunarkən deyirdilər ki, Azərbaycan ərazilərinin de-okkupasiyasını nəzərdə tutan qrafik artıq mövcuddur. Amma o vaxtdan 26 il keçibdir...
İndi isə bütün, cəmi azərbaycanlılar, hətta indiyədək tərəddüd edənlər belə, bir daha əmin oldular ki, yalnız bircə qrafikə inanmaq olar - bu da Azərbaycan Ordusunun və əsgərinin öz tüfəngilə yazacağı qrafikdir...
Hüseynbala Səlimov
Tarix: 8-10-2020, 10:10