"Rusiyanın Xankəndinə bayraq sancmamızı, sadəcə, müşayİət edəcəyini düşünmək sadəlövhlük olardı"






SUQOVUŞAN, BİZİ ŞUŞAYA QOVUŞDUR

Məşhur “Moskva göz yaşlarına inanmır” filminin son kadrında  xanım üzünü sevgilisinə tutub sevinc göz yaşları ilə deyir:

- Mən səni cox gözləmişəm.

- Çox deyil ki, cəmi bir həftədir.

-Mən səni bütün ömrüm boyu gözləmişəm”.

Biz, millət olaraq bu günləri az qala bir ömür boyudur ki, gözləyirdik. Azərbaycan əsgərinin 27 sentyabrdan başlanan  zəfər yürüşünün növbəti qələbəsi bir həftə sonra Suqovuşanın azad edilməsi ilə baş verdi. Bir həftəmi çəkdi bu qələbəni gözləməyimiz? Yox, Qarabağ müharibəsi başlayandan 32 ildir ki, bu qələbəni gözləyirik. Qarabağ hələ tam azad edilməyib, amma biləsiniz ki, düşmənin bütün Qarabağ cəbhəsi boyu ən möhkəmlənmiş müdafiə xətti məhz Suqovuşanda idi. Xüsusilə aprel döyüşlərindən sonra bu bölgədə düşmənin havadarlarının hərbi mütəxəssiləri tərəfindən gücləndirilmiş istehkamlar, bunkerlər qurulmuşdu. General Hikmət Həsənovun ağıllı manevrləri, planları nəticəsində az itki ilə bu çox vacib strateji yer artıq Azərbaycan əsgərinin nəzarətindədir! Dövlət başçısının generalı bu şərəfli və çətin vəzifəni  yerinə yetrdiyinə görə təbrik etməsi bu işin əhəmiyyətinin göstəricisidir.

Biz ümummilli sevincə çoxdan həsrət qalmışdıq. Suqovuşanla, ardınca Cəbrayılla xalq o sevinci yaşadı. Qarabağ cəbhəsində qələbəmiz, biləsiniz ki, millətin xarakterini də dəyişəcək və dəyişir. Şəxsi planda  tamam fərqli, daha ləyaqətli, daha şərəfli, mərd fərd (lər) formalaşacaq. İllərdir içimizdəki ağır yükdən, məğlub olan millətin nümayəndəsi olmaqdan qurtuluruq,  natamamlıq kompleksindən xilas oluruq. Xarici ölkəyə səfər edəndə,  daha “Azərbaycandanıq” deməyinizdə sıxıntınız olmayacaq.  Millət olaraq gələcək nəsillər - Qarabağ savaşını görməyənlər belə artıq başqa bir xarakterdə olacaq.  Bu proses artıq başlayıb. Şəhərdə rastlaşdığınız insanların üzünə baxın. İllərdir insanlarımızın  içində özünə möhkəm yer etmiş  gərginliyin yaratdığı  aqressivlik son on gündə necə sürətlə dəyişir. Hətta aralarında problemləri olan şəxslər belə o problemin üstünə gəlmir, ”onun zamanı deyil”- deyirlər.  Azad olunan yerlərin əhalisi bu anlarda geri dönərkən ilk olaraq qəbristanlığa gedəcəklərini söyləyir, bir də doğma yurdlarında  basdırılmasını arzu edib bu dünyadan köçənlərin nəşini çıxarıb öz qəbristanlıqlarına apacaqlarından  danışırlar. Bu hisslər öz yerində, qarşıda bizi çox məsuliyyətli hərbi-siyasi vəziyyət  gözləyir.

İndi hər kəsi düşündürən suallar var: Ermənistanın havadarı bu günlərdə göstərdiyi nisbi neytrallığını saxlayacaqmı? Düşmənə canlı qüvvə və yeni silahlarla yardım edə bilərmi? Azərbaycana Qarabağın işğaldan azad edilməsinin hansısa mərhələsində “Dur” deyə bilərmi və belə olan halda bizim reaksiya necə olacaq? Artıq Qarabağ  münaqişəsində özünü tərəf elan edən, Cənubi Qafqazın aktiv və  geri dönməyəcək siyasi aktorlarından olan qardaş Türkiyənin bu cür basqılara prinsipial cavabı necə olacaq? Düşmənin informasiya məkanının cəbhədəki vəziyyətdən çox, Türkiyənin Cənubi Qafqazdan çıxarılması haqqında dünyaya müraciətlərini təsadüfi hesab etmək olmaz. Və Suriyada Rusiya-Türkiyə qarşıdurması ilə Qarabağ cəbhəsində bu iki ölkənin qarşılaşmasnı eyniləşdirmək olmaz. Suriyada Türkiyə öz əsgəri ilə vuruşurdu, Qarabağda yalnız bizim öz əsgərlərimiz vuruşur.

Ermənilər itirdiklərinə baxmayaraq tezliklə ağ bayraq qaldırana bənzəmirlər və Rusiyanı bu müharibəyə qoşmaq üçün bütün vasitələrdən istifadə edirlər. Artıq Paşinyan on gün ərzində dörd dəfə Putinlə telefonla danışıb və hələ ki, Rusiya lideri soyuqqanlı şəkildə atəşi dayandırmağın vacibliyini  söyləməklə kifayətlənir, amma Rusiyanın bizim Xankəndinə bayraq sancmamızı sadəcə müşayət edəcəyini düşünmək sadəlövhlük olardı. Rusiya bəlkə də Paşinyanın  istefaya məcbur edilməsini gözləyir və Azərbaycanın növbəti uğuru bu məsələni sürətləndirə bilər. Ona görə də, bu siyasi şəraiti zamanın darlığı baxımından dəyərləndirmək vacibdir. Qarabağ cəbhəsində  şimal-qərbdən Ağdərə və Kəlbəcəri, cənubdan Füzuli, Zəngilan və Qubadlını (və ya Hadrutu) azad etmək minimum planımıza daxil olmalıdır. Maksimum  vəzifəmiz məlumdur: Qarabağı tam azad etmək. Çətindir, amma mümkündür. Atəşkəsin şərtlərini dövlət başçısı xalqa müraciətində söylədi.

On gündür Vətən müharibəsi gedir. Düşmənin Qarabağ sərhədlərindən kənarda olan şəhərlərimizi vurması onu  göstərir ki, bu, məhz Qarabağ ərazisi ilə məhdudlaşmayan Vətən müharibəsidir. Müharibə itkilərsiz olmur. Bir şərtlə ki, qazandığımız  illərdir itirdiklərimiz - işğal olunan torpaqlarımız olsun.

Ömür boyu gözlədiyimiz  qələbəyə yaxınlaşırıq. Suqovuşan qələbəsi bizi Şuşaya da qovuşduracaq. Tanrı əsgərlərimizi qorusun!

İlham İsmayıl
Tarix: 6-10-2020, 09:38
Xəbəri paylaş



Xəbər lenti