Saxta xəbərlər yayan və ciddiyyətini, nüfuzunu itirən Emmanuel seçkidə ermənilərdən dəstək almaq üçün hətta Fransanın dövlət maraqlarını qurban verir...Sentyabrın 27-də işğalçı Ermənistanın növbəti təxribatları və hücumları başladı. Təbii olaraq da Azərbaycan Ordusu düşmənə cavab verdi, işğal altındakı ərazilərimizi azad etmək üçün əks-hücuma keçdi. Artıq 6-cı gündür Qarabağda şiddətli döyüşlər gedir, Silahlı Qüvvələrimiz işğalçıya ciddi dərs verir.
Həm cəbhədə, həm də siyasi arenalarda üstünlük tamamilə Azərbaycanındır.
Bu durum gözlənildiyi kimi, işğalçı Ermənistanın havadarlarının narahatlığına səbəb olub. Bu sırada öndə Fransa gəlir. Hansı ki, Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Prinsiplərə görə həmsədr ölkə tam tərəfsiz olmalıdır. Ancaq Fransa prezidenti Emmanuel Makronun Qarabağda hərbi əməliyyatlar başlayan gündən indiyədək tutduğu mövqe, verdiyi açıqlama və bəyanatlar bu dövlətin tamamən erməni mövqeyində dayandığını deməyə əsas verir. Faktiki olaraq Fransanın münaqişənin nizamlanması prosesindəki yanaşması, tutduğu mövqe onun MQ-dakı mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobud pozulmasıdır.
Fransa prezidenti açıq mövqe ortaya qoymaqdan da çəkinməyib. O tvitter hesabında yazıb: “Hamımız birgə müqavimət göstərəcəyik. Buna əmin olun”. Bu, faktiki olaraq ermənilərə arxa olacaqlarına işarə verən açıqlamadır, baxmayaraq ki, müxtəlif cür yozmağa əl yeri qoyulub. Bu da bir hiyləgər gedişdir...
Makron sentyabrın 30-da bir az da irəli gedərək, deyib ki, Türkiyənin müharibə ritorikası Azərbaycanı Dağlıq Qarabağı almağa həvəsləndirir və bu qəbuledilməzdir.
Faktiki olaraq Fransa prezidenti ermənilərin haqsız mövqeyinin, işğalçılıq siyasətinin müdafiəsində bütün gücünü, imkanlarını səfərbər edib.
Fransanın tarixən müsəlman ölkələrinə münasibəti də sirr deyil. Ötən əsrdə Əlcəzairə, bu əsrdə Liviya nə divan tutması haqda kifayət qədər məlumatlıdır dünya əhalisi, o cümlədən Azərbaycan xalqı...
Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün həyata keçirdiyi uğurlu döyüş əməliyyatlarının dayandırılması üçün dəridən-qabıqdan çıxır.
ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı poza bilməz. Fransa prezidenti isə bu gün məhz bu yolu tutub, özü də artıq gizli və dolayısı ilə deyil, birbaşa – nümayişkaranə!
Ən dəhşətlisi isə Fransa prezidentinin saxta xəbərləri səsləndirməsi, ona istinad etməsidir. Daha dəqiq ifadə etsək, Makronun Türkiyə ilə bağlı açıqlaması heç bir əsasa, fakta söykənmir. Özü də açıqlamasında bunu diqqətə çatdırır ki, Türkiyənin münaqişədə iştirakına dair fakt yoxdur. Belə olan halda bir Avropa dövlətinin prezidentinin hansısa şayiələri səsləndirməsi və buna əsaslanaraq ermənilərə tərəf tutması sadəcə biabırçılıqdır. Bu, hətta Fransada Makronun impiçmentinə də əsas yaradır.
Əlbəttə, hələ indi deyil, 30 il öncə ermənilər Qarabağı işğal etməyə başlayan gündən Fransa ermənilərə dəstək verib. O baxımdan buna çox da təəccüblənmirik. Sadəcə, Makronun son davranışlarından sonra artıq bu ölkənin vasitəçi missiyası, mandatı daşıya bilməz, odur ki, həmsədrlikdən uzaqlaşdırılması zərurətə və şərtə çevrilib...
Bəzən o sualla da qarşılaşırıq ki, nədən Fransa Azərbaycana qarşı belə qərəzli mövqedə dayanıb?
Axı Azərbaycanın Fransa ilə dostluq münasibətləri daim yüksək səviyyədə olub: Azərbaycanda fransızdilli orta və ali məktəb var, Fransa şirkətləri Azərbaycandakı neft müqavilələrinin iştirakçıları olub, Prezident Heydər Əliyevin 1993-cü ildə prezident kimi ilk səfərinin məhz Fransaya etmişdi. Prezident İlham Əliyev də 2003-cü ildə ilk səfərini Fransaya edib...
Bu gün Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir. Əlbəttə, bunları Makron özü də bilir, heç şübhəsiz fərqindədir.
Bəs niyə belə edir? Bu suala cavab axtaranda orataya çıxır ki, Makron faktiki olaraq Fransanın maraqlarını özünün şəxsi maraqlarına da qurban verir!Azacıq təhlillər onu deməyə tam əsas verir ki, Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi həm də Fransada qarşıdan gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Makron Cənubi Qafqazda sülh uğrunda deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır...
Onun məlum davranışları və açıqlamaları da göstərir ki, Makron Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi ilk növbədə Fransa xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur...
Görünür, o, özü də hər kəsin əyani gördüyü bu aşağı keyfiyyətləri ilə fransızlar arasında ciddiyyətini itirdiyini, səs almayacağını bilir. Bu üzdən tamamən dibə vuraraq, heç olmasa seçkilərdə Fransa vətəndaşları olan ermənilərin və müəyyən maliyyə imkanları olan erməni lobbisinin dəstəyini qazanmağı hədəfləyir...
Təsəvvür edirsinizmi, Fransa kimi dövlətin başçısı beynəlxalq missiyanı, həmsədrlik prinsiplərini pozur, ərazi bütövlüyü pozulan Azərbaycana münasibətdə ədalətsiz davranır, hətta artıq Türkiyəyə də şər ataraq özünün fərdi, korporativ maraqlarına oynayır...
Makronun timsalında Fransa artıq vasitəçi deyil, açıq tərəfdir. Odur ki, ya Makron istefa verməlidir, ya da Fransa həmsədrlikdən getməlidir...Elşad MƏMMƏDLİ"Yeni Müsavat"
Tarix: 2-10-2020, 14:34