Azərbaycanın işğal altındakı əraziləri hərbi yolla azad etmək qərarı postsovet məkanındakı digər dondurulmuş münaqişələr üçün də presedent yarada bilər.Gürcüstan, Ukrayna və Moldova ərazisindəki siyasi münaqişələr sülh yolu ilə həllini tapa bilmədiyinə görə həmin ölkələr ərazi bütövlüyünü bərpa etmək üçün alternativ variantlar axtarmaq məcburiyyətində qalıb. Bu baxımdan, Azərbaycanın “Əks-həmlə” əməliyyatı və işğala son qoyması digər ölkələri də ərazi bütövlüyünü bərpa etmək üçün hərəkətə gətirə bilər.
Əgər Azərbaycan Ermənistan ordusuna qalib gəlib, torpaqlarını işğaldan azad edə bilsə, o zaman Rusiyanın yalnız Cənubi Qafqazda postsovet məkanında strateji mövqeləri zəifləyəcək. Siyasi müşahidəçilərin fikrincə, Belarusda baş verən proseslər, Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Türkiyənin Qara dəniz və Cənubi Qafqazda geosiyasi mövqelərinin güclənməsi, eləcə də perspektivdə Gürcüstanın NATO-ya qəbulu Rusiyanın yaxın xaric hesab etdiyi keçmiş SSRİ məkanında təsir dairəsini azaldacaq.
Bu baxımdan, digər ölkələr də öz ərazilərindəki separatçılıq və işğal faktını aradan qaldırmaq üçün danışıqlardan imtina edərək hərbi vasitələrə əl ata bilər. Beynəlxalq ictimaiyyətin bu prosesdə Azərbaycana mane olmaması və Rusiyanın hərbi əməliyyatların qarşısını ala bilməməsi digər ölkələrin daha qətiyyətli addımlar atmasına gətirib çıxara bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Gürcüstanın və Ukraynanın münaqişədə olduğu tərəf birbaşa Rusiya olduğundan həmin ölkələrin analoji addımları atacağını söyləmək çətindir:
“2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsindən sonra rəsmi Tiflisin yenidən həmin addımı atacağı inandırıcı görünmür. Moldova prezidenti İqor Dodon ruspərəst olduğundan Moskvanın siyasətinə qarşı çıxacağını söyləmək mümkün deyil. Donbasda isə müharibə yeni yekunlaşıb və Ukrayna həmin ərazilərə nəzarət edə bilmir. Dağlıq Qarabağ münaqişəsinin Abxaziya, Cənubi Osetiya, Donbas və Krım problemlərindən fərqi ondadır ki, Azərbaycanın işğal olunmuş əraziləri Rusiya ilə həmsərhəd deyil. Yalnız Moldovadakı Dnestryanı münaqişə Rusiyadan aralıdır və oraya Ukrayna üzərindən keçid var. Dağlıq Qarabağa da Rusiyanın birbaşa təsir imkanları yoxdur. Rusiyanın Azərbaycana təsir imkanlarını Ermənistan üzərindən həyata keçirə bilir. Yəni Ermənistana silah-sursat ötürməklə bunu edir. Ona görə də Azərbaycanın digər üç ölkə ilə müqayisədə şansı daha çoxdur. Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək şansı var. Dağlıq Qarabağ problemi dondurulmuş halda qalanda Azərbaycanın şansı Gürcüstan, Ukrayna və Moldova ilə bərabər idi. İndi isə Azərbaycanın imkanları daha da genişlənib. Bölgədəki vəziyyət də ölkəmiz üçün münbit zəmin yaradır. Hadisələrin inkişafı göstərir ki, döyüşləri davam etdirməkdə və torpaqları azad etməkdə Azərbaycana heç nə mane olmur”.Politoloq onu da qeyd etdi ki, Azərbaycanın keçirdiyi hərbi əməliyyatların birbaşa Rusiyanın regional maraqlarına qarşı yönəldiyini söyləmək olmaz. Əksinə, ərazilərin azad edilməsi Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ aça bilər:
“Azərbaycan qələbə çalsa, bu anti-Rusiya siyasətinin formalaşması demək deyil. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələri daha çox genişləndirəcək. Çünki hər iki ölkənin regional layihələri var. Şimal-Cənub dəmir yolu xətti mövcuddur ki, biz onu Rusiya və İranla birlikdə formalaşdırırıq. Ermənistanı kifayət qədər dəstəkləyə bilməməsi Rusiyanın maraqlarına zidd ola bilər. Ancaq Rusiya bu münaqişədən istifadə edib Paşinyanı devirə bilər. Bu baxımdan, Azərbaycanın qələbəsi Kremlə Ermənistan hökumətinin başına öz adamını gətirmək imkanı yaradır. Azərbaycan bir daha nümayiş etdirdi ki, ərazilərin işğaldan azad olunması Rusiyanın əleyhinə deyil. Əslində, bu prosesin nəticəsi Ermənistanın da xeyrinə ola bilər.Ermənistan Azərbaycanın təklif etdiyi şərtlərlə sülhü qəbul edərsə, münasibətlərin nizamlanmasına və regional layihələrə qoşulmaq imkanı əldə edəcək. Amma bunlar zaman baxımından, indi müzakirə ediləcək məsələlər deyil”.Azərbaycan və Ermənistan arasında gedən döyüşlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə toxunan Elxan Şahinoğlu bildirdi ki, beynəlxalaq ictimaiyyət işğal altındakı əraizlərin azad edilməsinə mane olmayacaq: “
Dünya ölkələri müxtəlif bəyanatlar və çağırışlar edə bilər. Bunlar məlum idi. Amma heç bir dövlət açıq-aşkar Azərbaycana qarşı çıxmayacaq və sanksiya tətbiq etməyəcək. Azərbaycanın təbii qazı tezliklə Avropa bazarına nəql olunacaq. Bu amili Avropada da dəyərləndirirlər. Azərbaycanın qarşısında əsas maneə Rusiyadır. Rusiya isə hələ etiraz etmir. Ermənistan öz təyyarəsinin Türkiyə tərəfindən vurulduğunu bəyan etməklə Rusiyanı bu prosesə qatmaq istədi. Lakin onların cəhdi alınmadı. Azərbaycan üçün önəmli olan ərazilərin azad edilməsinə nail olmaqdır. Ən azı iki rayonun azad olunması Ermənistanın üzərində üstünlüyün qazanılması və status-kvonun dəyişməsi üçün kifayət edir”.Müşfiq Abdulla
Cebhe.info
Tarix: 1-10-2020, 21:00