Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra uzun müddət beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmədi. Bunun birinci səbəbi ondan ibarət idi ki, münaqişənin start götürdüyü ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problem SSRİ-nin dağılması prosesini sürətləndirən çoxsaylı amillərdən biri kimi çıxış edirdi və onun aradan qaldırılması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə mane ola bilərdi. Maraqlıdır ki, Dağlıq Qarabağ məsələsinin meydana çıxması bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu.
Ermənilər isə hələ münaqişə başlamamışdan əvvəl beynəlxalq ictimaiyyətin dəstəyini almaq üçün ciddi kampaniya aparırdılar. Burada SSRİ-nin varisi olan Rusiyanın və xaricdəki erməni lobbisinin imkanlarından da geniş istifadə edilirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin həyata keçirilməsi hər zaman beynəlxalq birliyin laqeyd münasibətilə müşayiət olunurdu.
1992-ci ildə Ermənitanın silahlı birləşmələri respublikamızın ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin, ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə qiymətləndirmir, bəzən isə təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq qoymurdu.
1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. BMT-nin Baş katibi isə münaqişənin həllində ATƏM-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi -1995-ci ilin yanvarından ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) səylərini dəstəklədiyini və bu təşkilata müvafiq nəticələr əldə etmək üçün kömək göstərməyə hazır olduğunu bildirdi. Bu, artıq beynəlxalq ictimaiyyətin məsələyə soyuq münasibətinin ilk simptomları idi.
1992-ci ildə Şuşanın işğalı Azərbaycanı yenidən BMT-yə müraciət etmək məcburiyyətində qoydu. May ayının 12-də BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ problemini müzakirə edərək bəyanat verməklə kifayətləndi. Bəyanatda Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə olunur və məcburi köçkünlərə təcili yardım göstərilməsinin zəruriliyi bildirilirdi.
Kəlbəcərin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra, 30 aprel 1993-cü ildə BMT 822 saylı qətnamə qəbul etdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamə bu günə qədər icra edilməyib.
Ağdamın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra 29 iyul 1993-cü ildə BMT 853 saylı qətnamə qəbul etdi. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdamı və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarınından geri çəkilməsini tələb edirdi. Bu qətnamə həm də əvvəl qəbul edilən 822 saylı qətnamənin yerinə yetirilməsini tələb edirdi.
14 oktyabr 1993-cü ildə BMT 874 saylı növbəti Qətnamə qəbul etdi. Qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının son dövrlərdə işğal etdiyi Füzuli (23 avqust 1993), Cəbrayıl (26 avqust 1993), Qubadlı (30 sentyabr) və digər ərazlərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapmışdı.
12 noyabr 1993-cü ildə BMT 884 saylı növbəti Qətnaməni qəbul etdi. Bu qətnamə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır, Ermənistan Respublikasından ermənilərin qondarma qurum üzərindəki bütün təsir vasitələrindən istifadə etməsi pislənirdi. Bu Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilən Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxarılması ilə bərabər əvvəl qəbul edilən 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi tələb edilirdi.
Üstündən 27 il keçməsinə baxmayaraq qəbul edilən BMT Qətnamələrinin nəinki heç biri Ermənistan tərəfindən yerinə yetirilməyib, əksinə işğalçı ölkə tərəfindən Qarabağla əlaqəsi olmayan yeni Azərbaycan ərazilərinin ələ keçirilməsinə cəhddlər olub. Tovuz və Qarabağ istiqamətində erməni təxribatları, o cümlədən Ermənistan hərbi siyasi rəhbərliyinin rəsmi bəyanatları da bunu sübut edir.
Baş verən döyüş əməliyyatları fonunda bu gün BMT-nin Təhlükəsizlik Şurasının xüsusi iclasında Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi müzakirə olunacaq. İclas əyani keçiriləcək və Suriya ilə bağlı toplantıdan sonra baş tutacaq.
İclasın çağırılması üçün “digər məsələlər” təsnifatı ilə təşəbbüs Almaniya və Fransadan gəlib, Britaniya, Belçika və Estoniya isə bu təşəbbüsü dəstəkləyiblər.
İclasın BMT üzvlərini real vəziyyətlə bağlı məlumatlandırmaq məqsədi ilə keçiriləcəyi gözlənilir. Burada hansısa konkret qətnamənin qəbulu planlaşdırılmır. Lakin iclas təşəbbüsünü irəli sürən ölkələrin yuxarıda sadalanan və 27 ildir yerinə yetirilməsini gözləyən BMT Qətnamələrinə aydınlıq gətirməsi də onların bu münaqişədə ikili standartlardan heç olmasa formal olaraq kənarlaşdıqlarını göstərə bilər. BMT qətnaməsi Liviyaya qarşı anında icra edildiyi halda, eyni qurumun Ermənistana münasibətdə qəbul etdiyi 4 qətnamənin xatırlanması belə yadımıza gəlmir. Ümid edək ki, bu dəfə dünya ictimaiyyəti heç olmasa təcavüzkar və təcavüzə məruz qalan arasında fərq qoymağa, işğalçını öz adı ilə çağırmağa çalışacaq.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az
Tarix: 30-09-2020, 21:27