Londonun altında gizli şəhər: "Qiyamət bunkeri"nin görüntüləri yayıldı - FOTO

Londonun altında gizli şəhər:
Böyük Britaniya hökumətinin Londonda dünyanın sonu ssenarisi üçün nəzərdə tutulmuş gizli bunkeri var.

Oxu.Az xəbər verir ki, bu barədə "Express" nəşri yazıb.

Yalnız "gizli şəhər" kimi təsvir edilə biləcək bu obyekt Londonun səs-küylü küçələrinin dərinliyində yerləşən, nüvə apokalipsisinin nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulmuş ciddi məxfi hökumət bunkeridir. Buraya daxil ola biləcək şəxslərin siyahısı isə olduqca məhduddur.

Gizli bunker Londonda, Vestminsterdə yerləşən Müdafiə Nazirliyinin qərargahının altında yerləşir. Obyekt 7 dekabr 1992-ci ildə istifadəyə verilib.

"Pindar" adı ilə tanınan bunker Uaythollda yerləşən Müdafiə Nazirliyinin qərargahından təxminən 60 metr aşağıdadır və London metrosu şəbəkəsindən daha dərində yerləşir. Burada təxminən 400 çarpayı var və onlar yalnız ölkənin ali rəhbərliyi üçün nəzərdə tutulub.

"Pindar" bunkerinə daxil ola biləcək şəxslər siyahısına yalnız nazirlər, yüksəkvəzifəli hərbçilər və dövlət qulluqçuları, həmçinin hərbi və mülki əməliyyat heyəti daxildir.

Böyük Britaniyanın baş naziri ailəsi üçün bunkerdə ayrıca yer ayrılan yeganə şəxsdir.

"Pindar"da yayım studiyası və "Vəziyyət Mərkəzi"ndə böyük ekran yerləşir. Böyük Britaniyanın dünyanın sonu üçün nəzərdə tutulmuş bunkeri ölkənin bütün kommunikasiya şəbəkəsini idarə edə biləcək gücdə yüksəktexnologiyalı mərkəzlə də təchiz olunub.

Gizli obyektin daxilindən çəkilmiş fotolar fotoqraf Devid Mur tərəfindən yayımlanıb. Ona bədii layihə çərçivəsində obyektə giriş icazəsi verilib.

Fotoqrafın sözlərinə görə, bunker daim hazırlıq rejimində fəaliyyət göstərir. Burada personal üçün yeməkxana var və otaqlarda brifinqlər keçirilir.

Müdafiə Nazirliyinin "Böhran Vəziyyətlərinin İdarəetmə Mərkəzi"nin tikintisi 10 il çəkib və Böyük Britaniyaya təxminən 126 milyon 300 min funt sterlinqə başa gəlib.

Hesab olunur ki, "Pindar" bunkeri baş nazirin Dauninq-strit, 10 ünvanındakı iqamətgahı və Nazirlər Kabineti ilə gizli tunellər şəbəkəsi vasitəsilə əlaqəlidir. Nüvə zərbəsi və ya dünyanın sonu ssenarisi zamanı səlahiyyətli şəxslərin bunkerə daxil olub təhlükəsizliklərini təmin etmək üçün cəmi bir neçə dəqiqələri olacaq.

"Pindar" bir neçə dəqiqə ərzində tamamilə xarici dünyadan təcrid oluna bilir. Onun öz havalandırma sistemi var və bu sistem nüvə partlayışı zamanı çöldəki potensial radioaktiv havanın içəri daxil olmasının qarşısını alaraq bunker sakinlərinin yeraltında nəfəs almasına imkan verir.

Əgər bunker istifadəyə verilərsə, "qorunan böhran idarəetmə obyekti"nin personalı üçnövbəli sistemlə çalışacaq və hər növbə səkkiz saat davam edəcək.

1992-ci ildə tikildiyi vaxtdan etibarən "Pindar" yalnız təlimlər və simulyasiyalar üçün istifadə olunub. Bununla belə, onun Böyük Britaniyanın ən ciddi mühafizə olunan binalarından biri olan Müdafiə Nazirliyinin altında yerləşməsi obyektin əhəmiyyətini göstərir.





Tarix: Bu gün, 17:13
Xəbəri paylaş



Xəbər lenti